Читать онлайн «Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür»

Автор Hacıbəyli Ceyhun

Ceyhun Hacıbəyli

Bir il xəyallarda və

bütöv bir ömür

“Xatirə Ədəbiyyatı” silsiləsindən 22-ci kitab

VƏTƏN HƏSRƏTLİ CEYHUN HACIBƏYLİ

Azərbaycan Demokratik Respublikasının süqutu təkcə azadlıq ideallarının, istiqlalımızın əldən verilməsi deyildi, eyni zamanda bir çox Azərbaycan ziyalısının, dövlət və millət üçün dəyərli şəxsiyyətin itirilməsi, bir qisminin isə ölkədən çıxması, mühacir həyatı yaşamağa məhkum olması demək idi. Belə ziyalılardan biri də milli ədəbi-ictimai fikir tarixinə böyük töhfələr vermiş, Azərbaycan həqiqətlərinin ölkədən kənarda təbliğ edilməsində əhəmiyyətli rol oynamış yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylidir.

Bu il onun anadan olmasının 125 ili tamam oldu. Çox sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam verdi.

Azərbaycan oxucusu təəssüf ki, hələ də Ceyhun Hacıbəyli və onun yaradıcılığı haqqında əsaslı məlumata malik deyil. Bir çox araşdırmaların mövcud olmasına baxmayaraq, onun çoxcəhətli fəaliyyəti hələ ki əhatəli və əsaslı şəkildə tədqiq edilməyib. Halbuki bu istiqamətdə iş aparılmasının zəruriliyi göz önündədir. Bu, təkcə elmi-ədəbi irsimiz deyil, elə dövlətçiliyimizin tarixinin öyrənilməsi istiqamətində də əhəmiyyətli addım ola bilər.

C. Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşa  şəhərində anadan olub. Görkəmli ictimai xadim, dünya şöhrətli bəstəkar Üzeyir bəy Hacıbəylinin qardaşıdır. İlk təhsilini Şuşada, sonra  isə Bakıdakı rus-tatar məktəbində alan Ceyhun bəyin istedadı elə ilk zamanlardan etibarən ətrafdakı insanların diqqətini çəkib. Dövrün çox əhəmiyyətli və xarakterik xüsusiyyətlərindən biri, eyni zamanda bu gün də qeyd edilməli və davam etdirilməli olan cəhət – milyonçuların, milli burjuaziya nümayəndələrinin ziyalılığımıza və gənclərimizin təhsilinə göstərdiyi diqqət idi. Elə bu diqqətin nəticəsi idi ki, milyonçu Murtuza Muxtarov öz vəsaiti hesabına onu Peterburq Universitetinə oxumağa göndərib. Qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Universitetin hüquq fakültəsinə daxil olan Ceyhun bəy bir il təhsil aldıqdan sonra Fransaya gedir, məşhur Sarbonn Universitetində Siyasi elmlər fakültəsinə daxil olur. Əslində, Ceyhun bəyin də qardaşı Üzeyir Hacıbəyli kimi musiqi istedadı olduğu bəllidir. Hətta onun musiqi təhsili almaq istəməsi də arxivdəki sənədlərdən, qardaşına yazdığı məktublardan görünür.

Lakin nə üçünsə Hacı Zeynalabdinin maliyyə dəstəyi ilə Parisə musiqi təhsili almağa getməyə hazırlaşan Ceyhun bəyin bu istəyi baş tutmur. O, 1912-ci ildə Moskvada təhsil alan qardaşı Üzeyir bəyə yazırdı: “O (Hacı Zeynalabdin – red. ) mənə musiqi oxumaq üçün Parisə getməyi tövsiyə elədi və dedi ki, mən Həsən ağaya deyərəm, sənə müəyyən məvacib verərlər, Parisdə dolana biləsən”.

Parisdə təhsil aldığı illərdə də, ondan əvvəl də Ceyhun bəy publisistik, elmi fəaliyyətlə məşğul olur, məqalələri “Baku, “Kaspi” qəzetlərində dərc edilirdi. Onun Nəbati, M. F. Axundov, M. Ə. Sabir, Divanbəyoğlu, Həsən bəy Zərdabi, Ə. B. Haqverdiyev, N. B. Vəzirov, İ. Qaspirinski haqqındakı məqalələri var.