MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR
XATİRƏLƏRDƏ
“Xatirə Ədəbiyyatı” silsiləsindən 50-ci kitab
MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR
(1906–1988)
ÜRƏYİMDƏN XƏBƏR ALSAN
Ustad Doktor Seyid Məhəmmədhüseyn Behcət Təbrizi Şəhriyar 1905-1906-cı ilin baharında – mart ayının 21-də Cənubi Azərbaycanın Təbriz şəhərinin Bağmeşə məhəlləsində anadan olub. Atası Seyid İsmayıl Musəvi Hacı Mirağa Xoşginabi Təbrizdə tanınmış vəkil, anası Kövkəb xanım evdar qadın idi. Xalqın böyük hörmət və ehtiramını qazanan, işini gözəl bilən, kasıbların, sadə adamların havadarına çevrilən Hacı Mirağa haqq-ədalətin keşikçisi, həqiqətpərəst bir şəxsiyyət kimi tanınmışdı. Kiçik Məhəmmədhüseynin ömrü XX əsrin müəyyən mərhələlərində Cənubi Azərbaycanda, İranda baş vermiş şiddətli sinfi mübarizələr, milli istiqlaliyyət, mədəni yüksəliş və milli tərəqqi uğrunda ictimai-siyasi çarpışmalar dövründə keçib. Müstəbid şah rejiminin zülmündən, imperialist dövlətlərin soyğunçuluğundan zinhara gəlmiş Cənubi Azərbaycan və İran xalqlarının anti-imperialist mübarizəsinin, milli istiqlaliyyət uğrunda demokratik hərəkatının ilk mərhələsi olan Məşrutə inqilabı (1905-1911) zamanı Hacı Mirağa ailəsinin təhlükəsizliyini təmin etmək üçün mürəkkəb hadisələr burulğanı olan Təbriz şəhərindən ata-baba yurduna – Abbas mahalının Xoşginab kəndinə köçür. Beləliklə də, kiçik Məhəmmədhüseyn uşaqlıq illərini Xoşginab və ona bitişik olan Qayışqursaq, Qaraçəmən və Qıpçaq kəndlərinin füsunkar qoynunda yaşamalı olur.
O, ilk təhsilini Xoşginab kəndində Molla İbrahimdən və molla Ağa Məhəmməd Bağırdan alır, Molla İbrahimə qədər isə yazıb-oxumağı dövrünün tanınmış ziyalısı olan atasından öyrənir, o da öz növbəsində zaman keçdikcə “Qurani-Kərim”, Hafizin divanı, Sədinin “Gülüstan” və “Bustan” əsərləri, eləcə də “Nəsab” adlı ərəbcə-farsca mənzum lüğətdən (Ə. N. Fərhi) oxuyub öyrəndiklərini mükəmməlləşdirir. Vəziyyət sabitləşəndən sonra ailəsi ilə birlikdə Təbrizə qayıdır.
Öncə “Füyuzat” və “Müttəhidə” mədrəsələrində, daha sonra “Firdovsi” və “Məhəmmədiyyə” orta məktəblərində təhsilini davam etdirir, ərəb, fars və fransız dillərini öyrənir. Nizami, Hafiz, Sədi, Saib və Sabirin (türkcə ilk şeirini M. Ə. Sabirin təsiri ilə 1913-cü ildə yazıb) əsərləri gənc Məhəmmədhüseynin mütaliə, həm də qəlb yoldaşı olur.O, təhsilini davam etdirmək üçün 1921-ci ildə Tehrana gələrək Məhəmmədəli Şah Qacarın bacısı Əkrəm üs-Səltənənin evinə düşür və Darülfünuna yazılır. Burada təhsilini başa vurduqdan sonra, 1924-cü ildə Tehran Universitetinin tibb fakültəsinə daxil olur. Ədəbiyyata böyük marağı və sevgisi olan gənc tələbə şeirlər yazır, mətbuatda dərc olunur və yavaş-yavaş ədəbi aləmdə tanınmağa başlayır.
Tehranın görkəmli sənətkarları, elm, mədəniyyət xadimləri ilə tanışlığı onun ictimai-siyasi görüşlərinin formalaşmasında, dünyaya baxışının istiqamətlənməsində mühüm rol oynayır. Hələ Təbrizdə ikən dövrünün misilsiz muğam ustası, qocaman xanəndə, Məşrutə inqilabının rəhbəri Səttarxanın 1908-ci ildə “İqbali Azər” ləqəbini verdiyi Əbülhəsən xan İqbal üs-səltənə ilə tanış olması və ondan musiqi, muğam dərsi alması da dünyagörüşünün formalaşmasına faydalı təsir göstərir.