Читать онлайн «Azadlığa uçan türk»

Автор Altunbay Məmməd

MÜQƏDDİMƏ

“Tarixdə azadlığa uçan ilk insan”… Belə idi kitabının adı. Bu kitab eyni zamanda 75 il ömür sürüb və bir sıra tarixi hadisələrin canlı şahidi olan bir şəxsin həm də qısa tərcümeyi-halı idi.

Bütün həyatı boyu kommunizm quruluşunun iç üzünü azad dünyanın azad insanlarına açıb-göstərməyə çalışan bu böyük, hürriyyətsevər insan, tarixdə kommunist Rusiyasından azadlığa qanadlanan ilk azərbaycanlı şəxs – həyat yoldaşım Məmməd Altunbay bu kitabı bitirdikdən iki ay sonra ikinci dəfə keçirdiyi infarktdan əbədi olaraq gözlərini yumdu.

1987-ci il dekabrın 28-də onu dəfn edərkən əsər hələ tam hazır deyildi, əlyazması hələ makinada yazılıb qurtarmamışdır. Sağlığında kitabının azad insanlara yetişdiyini görmək qismət olmadı Məmmədə.

Azərbaycanı və doğma torpağı Gəncəni azad Məmməd Altunbay arzulandığı kimi azad görə bilmədi. Vətəninə torpağına olan məhəbbətinin, həsrətini, ona qovuşmaq istəyini ömrünün sonuna kimi qəlbində gəzdirdi, hətta məzara da özü ilə bircə apardı.

Məmməd, sən rahat uyu! Azad ölkələrin azad insanları sənin hürriyyət uğrundakı mübarizəni təqdir və ibrətlə qarşılayacaq. Sən buna əmin ol. Qoy ruhun şad olsun!

Aprel, 1998-ci il

Məlahət Altunbay.

MƏMMƏD ALTUNBAY

(Gəncə 1911-İstanbul 1987)

Sevimli oxucular mən Məmməd Altunbay Azərbaycan türklərindənəm. 1911-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuşam. Anamın adı Bəyim, atamınkı isə İbrahim idi. Tarixdə azadlığa qanadlanan ilk türkəm desəm, yanılmaram.

Hətta dünyada ilk dəfə baş vermiş bu tarixi hadisəni türklüyümüzün yüksək qüruruna əlavə etmiş olsam, o zaman deyə bilərəm ki, mən tarixdə kommunist Rusiyasından azadlığa uçan ilk türk yox, həm də ilk insanam.

Atamın, əmilərimin və dayılarımın kommunistlər tərəfindən güllələnməsi illərlə mənliyimi gəmirən düşüncələrimi həyata keçirmək fikrini gündən-günə möhkəmləndirdiyi üçün mən oxuduğum Bakı Neft Universitetindən çıxıb Hərbi Hava Məktəbinə daxil oldum.

1933-cü ildə Odessa Ali Hərbi Hava Məktəbini bitirdikdən sonra Sovet İtiffaqının bir sıra yerlərində təyyarəçi kimi çalışdım. İşimdəki müvəffəqiyyətlərimlə əlaqədar olaraq Moskva, Gürcüstan və Azərbaycan Kommunist Partiyaları tərəfindən üç dəfə “Fövqəladə” fəxri fərmanlarla təltif edildim.

1939-cu ildə Azərbaycanın paytaxtı Bakıda Təyyarəçilik Məktəbinin uçuş birliyi komandiri vəzifəsində işləyərkən burada kommunist rejimində, xüsusilə türklərə qarşı tətbiq edilən amansız zülm və işgəncələr dözülməz dərəcədə həddini aşmışdı. İnsanlığa yaraşmayan bu faciələrin az da olsa qarşısını almaq məqsədilə bir dəstə yoldaşımla bərabər kommunist zülmünə qarşı gizli fəaliyyətə başladıq. Fəqət, nəticədə kommunist zülmü illərlə həsrətini çəkdiyimiz azadlığa qalib gəldi. Azadlıq aşiqi mücahid yoldaşlarımızın bir çoxu güllələndi. Sağ qalan 22 yoldaşımla bərabər kommunist cəhənnəmindən qacmağı qərara aldıq. Lakin planlarımızı həyata keçirmək istədiyimiz vaxt basqına məruz qaldıq. Toqquşmada 14 yoldaşımız həlak oldu. Sağ qalan 7 mücahid qaçış planımızın müvəffəqiyyətli olacağına şübhə etdiklərini bəhanə gətirib izlərini itirmək üçün ölkənin müxtəlif vilayətlərinə dağıldılar.