Читать онлайн «Həsən bəy Zərdabi xatirələrdə»

Автор Коллектив авторов

HƏSƏN BƏY ZƏRDABİ

XATİRƏLƏRDƏ

“Xatirə ədəbiyyatı” silsiləsindən 29-cu kitab

MİLLİ İDEALA XİDMƏT ÖRNƏYİ

Aləmi-islam bir qaranlıq içərisində qaldığı zaman bu adam əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışmışdır. O məşəl nə idi? Əvvəlinci mətbu kəlam idi.

Əli bəy Hüseynzadə

Qafqaz türklərinin Rusiya işğalı altına düşməsi sonrakı 1 əsrdə Azərbaycan dövlətçiliyinin bərpasını hədəfə alan milli idealın yaradılması və istiqlal məfkurəsinə çevrilməsi prosesini doğurmuşdur. Yeni tipli məktəbin, milli teatr və anadilli mətbuatın yaradılması bu təbii-tarixi prosesə yön və nizam verilməsində, milli kimliyə sahib çıxacaq ziyalılar nəsli yetişdirilməsində həlledici rol oynamışdır. Bu tarixi zərurətin gerçəkləşdirilməsi Mirzə Şəfi Vazehin, Abbasqulu ağa Bakıxanovun və Mirzə Fətəli Axundovun maarifçilik fəaliyyətindən qaynaqlanan milli idealı zehni-nəzəri çevrədən əməli-təcrübi məcraya yönəldən, həqiqi xalq xadimi kimi tarixi şəxsiyyətin yeni örnəyini yaradan Həsən bəy Məlikov Zərdabinin adı ilə bağlıdır.

Həyatını, ikiyə bölünmüş Vətəninin quzeyində dövlətçiliyini itirmiş, yox olmağa məhkum edilmiş xalqının nicatı işinə həsr etmiş Zərdabinin əməlləri və zəngin zəka irsi sağlığında və ölümündən sonrakı bir əsrdən artıq müddətdə milli-mədəni geriliyin aradan qaldırılması və azərbaycançılıq məfkurəsinin istiqlal məramnaməsinə çevrilməsi işinə xidmət etmişdir. Həsən bəyin bənzərsiz həyatı və müqəddəs mübarizəsi isə zaman-zaman xalq işinə xidmətin mükəmməl timsalı olaraq qəbul edilmişdir.

Çoxcəhətli fəaliyyəti, banisi olduğu elmi-mədəni çalışma yönləri ilə XIX əsrlə XX yüzillik arasında körpü yaratmış, sosial təkamülçü olmuş Zərdabi milli oyanış, demokratik təşəkkül və ümumi tərəqqi tariximizin öndəri, yeni ziyalılar nəslinin atası mərtəbəsinə yüksəlmişdir. Zəkası, qələmi və həyatda yaratdıqları ilə nadir irs qoyub getmiş Həsən bəy Zərdabi dövrünün əhatəli bioqrafiyasını yaratsa da, təəssüf ki, əhatəli xatirə yazmaması ilə mənalı ömür yolunun bir çox izlərini ötənlərin pərdəsi altında buraxıb getmişdir.

Nə yaxşı ki, mədəni tariximizə ilk milli ziyalı ailəsi kimi düşmüş zərdabilər və doğmaları, Həsən bəyin yetirmələri və zərdabişünaslar zamanında Zərdabi xatirəsinə və irsinə istinadla bu pərdəni yırtaraq böyük xalq xadiminin əhatəli bioqrafiyasını yaratmış, fəaliyyətini dərindən tədqiq etmişlər. Həsən bəyin məktubları və bir sıra məqalələri də bioqrafik səciyyəsi ilə onun ömür yolunun ayrı-ayrı səhifələrinə işıq salır. Xatirələrdə, mətbuat səhifələrində, tarixi sənədlərdə, məqalə və elmi araşdırmalarda əksini tapmış bu materialları yeni əlifba ilə nəşr etmək, toplular halında oxuculara çatdırmaq çağdaş nəsilləri milli idealın formalaşması tarixi ilə tanış etmək baxımından gərəklidir.

Zərdabinin öz millətinə xidmət nümunəsi ölümündən sonrakı illərdə milli-mədəni dairələrdə yüksək tutulsa da, təşviq olunsa da sovet zamanında hakim ideoloji tələblə Həsən bəyin ömür yolu və irsi “ifrat milliliyi” ilə təhlükəli sayılmış, qadağa və unutqanlıq çevrəsinə salınmışdır. Stalinizmin iflasından sonra milli varlığımıza bağlı ziyalılar (Heydər Hüseynov, Firidun Köçərli, Cəlal Məmmədov, Abbas Zamanov, Mirəli Axundov, Ziyəddin Göyüşov, Zaman Məmmədov, Şirməmməd Hüseynov, Vəli Məmmədov, İzzət Rüstəmov və s. ) Zərdabinin həyat və fəaliyyətini müxtəlif yönlərdən öyrənməklə onun adını və irsini yenidən işığa çıxarmışlar.