Читать онлайн «Beş uşaq və O»

Автор Эдит Несбит

Edit Nesbit

Beş uşaq və O

© ALTUN KİTAB MMC – 2022

I fəsil. Gözəllər və yaraşıqlılar

– Çox qalıb?

– Hələ çatmırıq?

Nə çatmaq! Yola düşdükləri heç beş dəqiqə də olmamışdı! Yolun kənarında hər hansı bir tikili görünən kimi uşaqlar yenə bir ağızdan qışqırışdılar:

– O evdir?

– Gəlib çatdıq?

Ancaq bunlar başqa evlər idi…

Karetin qoşulduğu at yol boyunca asta-asta irəliləyirdi. Yol təbaşir karxanasını dolanıb təpəyə doğru qalxırdı. Nəhayət, karet son dəfə cırıldayıb silkələndi və dayandı.

İndi uşaqların gözləri qarşısında yamyaşıl, sıx ağaclarla əhatələnmiş ağ bir bina ucalırdı.

– Hə, gəlib çatdıq! – ana dedi.

– Bu ev necə də ağappaqdır! – Robert sevinclə qışqırdı.

– Hələ qızılgüllərə bir bax! – Anteya da həyəcanla dedi.

– Bura çox qəşəng yerdir! – Siril onlardan geri qalmayaraq səsləndi.

– Gəz-mək is-tə-yi-rəm, – hətta uşaqların yenicə dil açıb danışmağa başlayan ən kiçiyi də dilləndi.

Uşaqların hamısı eyni anda karetdən düşmək istəyirdi. Təkcə ana heç yerə tələsmirdi. O, yavaş-yavaş karetdən endi. Sınıq darvaza və suyu qurumuş fəvvarənin yanındakı itburnu, alaqanqal kollarına tərəf cuman uşaqların arxasınca baxdı. Əvvəl arabaçının pulunu verdi, sonra da karton qutulardakı əşyaların evə daşınmasına nəzarət elədi.

Əslində, bu bir o qədər də qəşəng ev deyildi, hətta ana fikirləşirdi ki, yaşamaq üçün əlverişsizdir. Məsələn, mətbəxdə qab-qacaq yığmağa nə taxça var idi, nə də iri bir şkaf.

Ancaq bu evdə yaşamağa dəyərdi! Son iki ildə Londondan qırağa çıxmayan, adi ekskursiyaya belə getməyən uşaqlara bura cənnətin bir guşəsində ucaldılmış sehrli qəsri xatırladırdı. Londonun isə uşaqlar üçün həbsxanadan heç bir fərqi yoxdur. Xüsusən də əgər valideynləri varlı-hallı adamlar deyilsə… Nə olsun ki, şəhərdə teatrlar, mağazalar çoxdur; əgər pulun yoxdursa, nə teatra gedə, nə də mağazadan bir şey ala bilərsən. İri şəhərdə uşaqların oynaya biləcəyi qum təpəciyi, dırmaşmalarına icazə verilən ağaclar, gəzə biləcəkləri meşə, içində hoppanıb-düşə biləcəkləri gölməçə belə yoxdur. Dümdüz küçələr, hamısı bir formada budanmış ağaclar, vəssalam! Elə buna görə də böyük şəhərlərdə yaşayan uşaqlar sözə baxmır, çox nadinc olurlar. Di gəl onların nə özləri, nə də ataları, anaları, bibiləri, əmiləri bunun səbəbini başa düşə bilirlər.

Ana istəyirdi ki, uşaqlar süfrə arxasına keçməmişdən əvvəl yuyunub yolun tozundan, kirindən təmizlənsinlər. Amma o, uşaqları evə salanadək onlar bağı da, oradakı müxtəlif tikililəri də gözdən keçirməyə fürsət tapmışdılar. Axırda isə belə qərara gəlmişdilər ki, bu evdə günləri çox şən keçəcək! Əslində, bu fikir onlarda elə evi görən kimi yaranmışdı, lakin kənarlarını yamyaşıl ot basmış gölməçəni, tövlənin damındakı saman yığınını görəndən sonra buna tamamilə əmin olmuşdular. Robert qırıq yelləncəyə minib kəlləmayallaq yerə yıxıldı və alnında yumurta boyda şiş əmələ gəldi, Sirilin isə barmağı köhnə dovşan qəfəsinin qapısı arasında qalıb əzildi. Beləliklə, uşaqlar tam əmin oldular ki, onları bu evdə çox maraqlı günlər gözləyirdi!