Читать онлайн «Qoca və dəniz»

Автор Хемингуэй Эрнест Миллер

Ernest Heminquey

Qoca və dəniz

Usanmış, yorğun qoca balıqçı çox arıq idi, peysərini dərin qırışlar örtmüşdü. Qonur rəngə çalan yanaqlarını ləkələr bürümüşdü. Ləkələr hər iki yanağı boyu sifəti ilə üzüaşağı, boynuna qədər yayılırdı.

Dənizdən ağır, nataraz balıqları dartıb çıxardanda əllərini kəndir kəsib yarıq-yarıq eləmişdi. Bu yarıqların heç biri təzə deyildi; hamısı da susuz səhradakı köhnə çatlara oxşayırdı.

Özü qoca olsa da, dəniz kimi mavi gözlərində gənclik ehtirası vardı; o gözlər qocanın nə qədər məğlubedilməz olduğunu göstərirdi.

– Santyaqo, – oğlan qocaya hörmətlə müraciət etdi, – bundan sonra mən dənizə yenə də səninlə gedəcəyəm. Bir az pul qazanmışam.

Onlar qayığı sahildə yerbəyer eləyib yoxuşla qəsəbəyə qalxdılar. Oğlan qoca balıqçını çox sevirdi, çünki balıq tutmağın bütün sirlərini ondan öyrənmişdi.

Qoca dilləndi:

– Yox, bala, indiki yerin yaxşıdır, bəxtin gətirir, orada qal.

– Yadındadır, bir dəfə səksən yeddi gün hər səhər dənizə getdik, bir dənə də balıq tuta bilmədik? Sonra üç həftə gündə iri bir balıqla sahilə qayıtdıq.

– Yadımdadır, – qoca onun sözünü təsdiqlədi, – bilirəm ki, yanımdan öz xoşunla getməmisən. Mənə inanırsan, amma öz yerində qalsan yaxşıdır.

– Məni atam məcbur etdi, – oğlan özünü təmizə çıxartmağa çalışdı, – mən uşağam, atama qulaq asmalıyam.

– Doğrudur, – qoca dilləndi, – yaxşı eləmisən, başqa cür ola da bilməzdi.

– Atam nədənsə sizin bəxtinizə inanmır.

– Amma biz inanırıq, eləmi?

– Əlbəttə, – oğlan onun sözünü təsdiqlədi. – Ustad, “Terras”a gedib bir az pivə içək, şeyləri nə vaxt istəsəniz, evə apararıq. Pivə pulunu mən verəcəyəm.

– Lap yaxşı! Niyə də içməyək? – deyə qoca razılaşdı, – balıqçı balıqçını qonaq edər də…

Onlar “Terras” restoranına gəlib oturdular. Orada çoxlu balıqçı vardı. Qocanı görəndə gülə-gülə zarafata başladılar. Qoca isə zarafatdan incimirdi. Yaşlı balıqçılar onun halına acıyır, ancaq bunu büruzə vermirdilər. Onlar qocaya hörmət edirdilər. Balıqçılar tilovu dalğaların axınından nə qədər dərinə atmaqlarından, gözəl havadan, dənizdə görüb-eşitdiklərindən danışırdılar.

Bu gün balıq ovunda bəxti gətirənlərin hamısı burada idi. Onlar içini çıxardıb təmizləyəndən sonra balıqları bir-birinə bərkidilmiş qoşa taxtaların üstünə köndələn düzmüşdülər. Balıqları anbarda soyuducuya doldurub Havana bazarına aparacaqdılar. Köpəkbalığı tutmuş balıqçılar ovlarını limanın o biri başındakı balıq zavoduna təhvil vermişdilər; orada balıqları tirdən asıb üzgəclərini kəsmiş, qaraciyərlərini çıxartmış, dərilərini də soymuşdular; duza qoymaq üçün onları uzununa nazik-nazik yarmışdılar.