Читать онлайн «Hekayələr»

Автор Самед Бехранги

Səməd Behrəngi

Seçmə hekayələr

BALACA QARA BALIQ

Çillə axşamı idi. Qoca Balıq dəryanın dibində nəvə-nəticələrini ətrafına toplayıb onlara nağıl danışırdı:

− Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi. O, anası ilə birlikdə kiçik bir arxda yaşayırdı. Arxın suyu dərəyə axırdı. Balaca Qara Balıqla anasının bir qara daşın dalında, yosunların arasında evləri var idi. Ana və bala səhərdən axşama qədər bir-birinin dalına düşüb üzür, hərdən başqa balıqlara qoşulub sürətlə balaca bir yerdə gəzişir və geri qayıdırdılar. Qara Balıq anasının bircəsi idi.

Bir neçə gün idi fikrə dalır, az danışırdı. Könülsüz və tənbəl-tənbəl otərəf-butərəfə gedir, geri qayıdırdı. Çox vaxt anasından xeyli geri qalırdı. Anası əvvəlcə elə bilirdi ki, balasının, sadəcə, kefi yoxdur, bu kefsizlik tezliklə keçib-gedəcəkdir. Lakin… Demə, Balaca Balığın dərdi var imiş…

Bir gün səhər tezdən, günəş doğmamış, Balaca Balıq anasını yuxudan oyadıb:

− Anacan, − dedi, − sənə bir neçə kəlmə sözüm var.

− Eh, sən də vaxt tapdın! Danışmağı sonraya saxla. Yaxşı olar ki, gəzməyə çıxaq, − deyə Ana Balıq gözlərini ovuşdurdu və əsnədi.

− Yox, anacan, mən daha belə gəzməyi istəmirəm. Gərək burdan gedəm, − deyə Balaca Balıq etiraz etdi.

Anası heyrətlə ona baxıb soruşdu:

− Doğrudan, getmək istəyirsən?

− Bəli, anacan, hökmən getməliyəm!

− Axı bu alaqaranlıqda hara getmək istəyirsən?

− İstəyirəm, gedim görüm, arx harada qurtarır.

Bilirsənmi, anacan, uzun müddətdir fikirləşirəm, görəsən, arx harada qurtarır? Lakin indiyə qədər bir nəticəyə gələ bilməmişəm. Dünən gecədən gözümü yummayıb hər şeyi götür-qoy etmişəm. Belə qərara gəlmişəm ki, özüm gedib arxın qurtaracağını tapım. Bilmək istəyirəm başqa yerlərdə nə var, nə yox…

− Mən də uşaq olanda belə fikirlərə düşmüşəm, bala can! Arxın nə əvvəli var, nə sonu. Elə gördüyün nə varsa odur. Arx həmişə axır və qurtarmır.

− Yox, anacan, belə deyil. Hər şeyin bir sonu var; məsələn, gecə sona çatır, həftə, ay, il… Məgər bunların sonu olmur?

Balaca Qara Balığın qızışdığını və dil ağıza qoymayıb danışdığını görən Ana Balıq dedi:

− Boş sözləri bir kənara qoy, dur gəzməyə çıxaq. İndi danışmaq yox, gəzib-dolanmaq vaxtıdır.

− Yox, ana, mən belə gəzintilərdən yorulmuşam. Burdan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən elə bilərsən bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrənmişəm; məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boş-boşuna keçirdiklərindən gileylənir. Daim ah-uf edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm həyat elə bir qarış yerdə oyan-buyana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünyalar da mövcuddur?

− Balaca, dəli olubsan? Dünya! Dünya! O başqa dünya nə deməkdir? Dünya elə həmin dünyadır ki, biz yaşayırıq, həyat da elə gördüyün yaşayışdan ibarətdir!

Bu zaman iri bir balıq onların evinə yaxınlaşdı:

− Qonşu, − dedi, − uşaqla nəyin üstündə belə höcətləşirsən? Deyəsən, bu gün gəzmək fikriniz yoxdur?

Ana Balıq qonşunun səsini eşidib cavab verdi: