Читать онлайн «Şah Abbas»

Автор Aydoğmuşoğlu Cahid

Cihad Aydoğmuşoğlu

Şah Abbas

Şah Abbas məmləkətin abadlığı və rəiyyətin asayişi sarıdan gördüyü işlərlə bütün dünyada məşhurdur.

Abbasqulu ağa Bakıxanov

I FƏSİL

Səfəvi dövlətinin quruluşundan Şah Abbasa qədər

Səfəviliyin meydana çıxması

Səfəvilər bir təriqət olaraq meydana çıxsalar da, bir müddət sonra siyasi təşkilat yaratmağa nail olan xanədana çevrildilər. Bu təriqətin meydana gəlməsi XIII əsrə təsadüf edir. Həmin dövrdə İranda türkmən şeyxlərinin nüfuzu yüksəlməyə başlamışdı. Belə ki, monqollar hədsiz dərəcədə qəliz ibarələrlə islam dəyərlərini öz mədəniyyətləri ilə əlaqələndirməyə çalışan fars alimləri ilə müqayisədə daha sadə dildə danışan türkmən dərvişlərinə üstünlük verirdilər. Üstəlik, monqollar qəbilə ənənələri baxımından türkmənləri özlərinə daha yaxın sayırdılar.

1334-cü ildə Şeyx Səfiəddin 85 yaşında dünyasını dəyişdi. Onun yerini isə öncə oğlu Sədrəddin (1392-ci ilədək), ardınca nəvəsi Xoca Əli (1429-cu ilədək) tutdu. 1429 – 1447-ci illərdə təriqətə Səfiəddinin nəticəsi Şeyx İbrahim rəhbərlik etdi.

Həmin dövrdə səfəvilik dini hərəkata çevrildi, xüsusilə Anadolu və Suriyada geniş yayıldı. Türkiyənin görkəmli tarixçilərindən Faruk Sümərin yazdığına görə, tamamilə sünni təriqət kimi meydana çıxan bu hərəkat Şah İsmayılın babası Şeyx Cüneydin zamanında şiəliyə meyil etməyə başladı.

Şeyx Səfiəddinin nəvəsi Xoca Əli görkəmli sərkərdə Əmir Teymurla (1336 – 1405) yaxın münasibətlərə və onun üzərində ciddi təsirə malik idi. Səfəvi şeyxinə böyük rəğbət bəsləyən Teymur ondan iltifatını əsirgəməmiş, hətta ətraf ərazilərlə birlikdə Ərdəbili ona bağışlamışdı. Bundan başqa, Ankara üzərinə hərbi yürüşdən (1402-ci il) qayıdarkən əmir Ərdəbilə gəlmiş, Anadoludan gətirdiyi 30 min əsiri Xoca Əlinin xahişi ilə ona bağışlamışdı. Teymur gedəndən sonra həmin əsirlər səfəviyyə təriqətinə daxil olmuşdular.