Читать онлайн «Şəmsəddin Eldəniz»

Автор Nəcəf Əkbər N.

Əkbər N. Nəcəf

Şəmsəddin Eldəniz

"Atabəy Eldəniz ağıllı və vicdanlı biri idi, xalqın arasında oturur, onun şikayətlərini dinləyir və ədalətli hökm çıxarırdı".

İbn əl-Əsir

I FƏSİL

ELDƏNİZİN GƏNCLİYİ

Qırxıncı qul

Rəvayətə görə, qıpçaqların qul bazarında belə bir qayda vardı. Əgər bir tacir bir dəfəyə qırx qulun hamısını alsaydı, qul alverçisi yalnız otuz doqquzunun pulunu alır, qırxıncı qulu ona bağışlayırdı.

Səlcuqlu hökmdarı Sultan Mahmudun zamanında (1118 –1131) iraqlı bir qul taciri eyni qayda ilə qırx qulu birdən aldı. Qul alverçisi də tacirdən otuz doqquz qulun pulunu götürdü, qırxıncını isə hədiyyə etdi. Həmin qul həddən arıq çəlimsiz olduğundan tacir onu könülsüz qəbul elədi. Sonra da qulları arabaya mindirib İraq yolunu tutdu.

İlin yay fəsli olduğundan karvan ancaq gecələr hərəkət edir, gündüzlər dincəlirdi. Qırxıncı qul yolboyu elə hey yuxuladığından arabadan üç dəfə yerə yıxılmışdı. İki dəfə onu qaldırıb arabaya qoysalar da, üçüncü dəfə tacir əmr elədi ki, onu yolda buraxsınlar. Nədə olsa bu qula pul verməmişdi, üstəlik, belə sısqa, çəlimsiz biri, çətin ki, tacirin işinə yarayardı. Əksinə, bu qulun qarnını doyurmaq boş yerə məsrəf demək idi.

Elə ki səhər açıldı, qul yuxudan ayıldı, sağa-sola boylandı, ətrafda kimsəni görməyib karvanın getdiyini yəqin elədi. Ayağa qalxıb arabanın izlərini təqib edərək qızmar günəşin altında bütün günü yol getdi, axırda axşama doğru karvanı haqladı. Qulun bu fərasəti və ağlı taciri çox heyrətləndirdi.

Qaydaya görə, Səlcuqlu dövlətinin ovaxtkı paytaxtı İsfahana gətirilən qul karvanlarını əvvəlcə dövlət adamları gözdən keçirirdilər. Onlar sağlam, bacarıqlı qulları seçib alır və orduya cəlb edirdilər.

Haqqında danışılan tacir də qullarını sultanın vəziri Kəmalülmülkə təqdim elədi. Vəzir onları bir-bir gözdən keçirdi, aralarından bəzilərini seçdi. Seçmədiyi qullar arasında, şübhəsiz ki, barəsində bəhs elədiyimiz həmin sısqa, çəlimsiz qul da var idi. İşi belə görən qul vəzirin ətəyinə yapışıb yalvar-yaxar etdi ki, onu da özü ilə aparsın.

Qullar və qul yolları

Eldənizin qul kimi aparıldığı yol mübahisəlidir. Birinci ehtimala görə, onun olduğu qul karvanı indiki Türkmənistan torpaqlarından keçərək Xorasana, oradan da Həmədana gəlib. İkinci ehtimala görə, Eldəniz Qara dənizin şimalından Dərbənd yolu ilə Azərbaycana gətirilib. Hər iki ehtimal ağlabatan görünür. Lakin Eldənizin gətirildiyi karvan yolu haqqında mənbələrin verdiyi təsvirdən belə başa düşmək olar ki, söhbət Orta Asiya-Xorasan yolundan gedə bilər. Çünki məhz həmin yolun keçdiyi ərazilərdə bərk istilər olurdu. Belədə karvanlar gündüz dincəlib gecə hərəkət eləmək məcburiyyətində qalırdı.

O ki qaldı qul ticarətinə, bu, qədim dövrlərdən geniş yayılmışdı. Qədim Misir, Orta Şərq, Yunan və Romada istər dövlətlər, istərsə də mülkədarlar qul əməyindən geniş istifadə edirdilər. İslamın meydana çıxmasından sonra şəriət hüququ qul əməyindən istifadəyə ciddi məhdudiyyətlər qoydu. Məsələn, qədim dövrlərdən fərqli olaraq şəriətdə qullar müharibə əsiri və qeyri-müsəlmanların satın alınması yolu ilə əldə edilirdi. Əsir və ya satın alınan qul müsəlmanlığı qəbul etdiyi təqdirdə o, azad olunurdu.