Valdemar Bonzels
ARI BALASI MAYA
MAYA DOĞMA ŞƏHƏRİNDƏN QAÇIR
Balaca Maya dünyaya arı yumurtacığında gəldi. Yumurtacıq kiçik bir xanaya qoyulmuşdu. Bir-birinin yanında sıx yerləşmiş bu cür xanalar arı pətəyini əmələ gətirir.
Qoca arı Kassandra Mayanın yumurtadan çıxmasına kömək etdi: arıcığazın zərif qanadlarını ehtiyatla açdı. Körpə iri, işıqlı gözlərini geniş açıb ətrafı dinlədi. Pətəkdə aləm bir-birinə qarışmışdı: arı xalqı qiyam qaldırmışdı, arılar kraliçası öz təbəələrini sakitləşdirə bilmirdi.
– Mənə istidir! – Maya dedi.
Kassandra təəccübləndi: “Buna bax ha! Yumurtadan təzəcə çıxıb, indidən şikayətlənməyə başlayır!” Amma, doğrudan da, yaman isti idi. Arılar ora-bura qaçışır, itələşir, bir-birinin üstündən tullanır, bir yerə yığılır, şanların içi ilə diyirlənirdilər. Birdən yanlarından kraliçanın özü uçub-keçdi. Kassandra və Maya az qaldılar ki, yıxılsınlar. Xoşbəxtlikdən yaraşıqlı və yaxşı tərbiyə görmüş bir erkək arı onlara kömək etdi. O, Mayaya nəzakətlə baş əydi və arılarda əli əvəz edən qabaq pəncəsi ilə sinəsindəki parlaq tükcükləri sığalladı.
– İşlər pisdir! – deyə üzünü qoca Kassandraya tutdu. – Qiyamçılar şəhəri tərk edirlər, bizə təzə kraliça başçılıq edəcək!
Kassandra ona gözucu baxıb heç «sağ ol» da demədi. Maya onun xeyirxah gənclə niyə belə davrandığını başa düşmədi, amma soruşmağa da cürət etmədi. Hamının narahatlığı bala arıya da keçdi: o, astadan vızıldamağa başladı.
– Bu həngamədə bircə sənin vızıldamağın çatışmırdı! – Kassandra hirsləndi.
Maya dərhal susdu və gözlərini dinməzcə öz tərbiyəçisinə zillədi.
– Bura gəl görüm! – Kassandra Mayanın şəffaf və kövrək qanadından dartdı.
Qaranlıq guşədə bir qoca, bir də balaca bir arı oturmuşdu.
Maya şirin balla dolu xanaları gördü, dərhal da baldan içməyə başladı.– Nə dadlıdır!
– Sən nə səbirsizsən! – Kassandra yenə əsəbiləşdi. – Mən neçə-neçə bala arılara qulluq edib onları ilk uçuşa hazırlamışam, amma birinci dəfədir ki, belə özbaşına arı görürəm! Yəqin, sənin xasiyyətin o birilərinkindən fərqli olacaq!
Maya qızardı və iki barmağını ağzına soxdu.
– Bəs «fərqli xasiyyət» nə deməkdir? – deyə soruşdu.
– Bu lap ədəbsizlik oldu! – Kassandra ucadan dedi. Bununla qoca arı Mayanın barmaqlarını ağzına soxduğunu nəzərdə tutmuş, onun verdiyi suala isə, demək olar ki, məhəl qoymamışdı. – Mənə diqqətlə qulaq as, – Kassandra sözə başladı, – mənim elə də çox vaxtım yoxdur. Tezliklə o biri körpələr də yumurtadan çıxacaq, yeganə köməkçim Turka isə bərk yorulub, qulaqlarında uğultu var. Odur ki sakit dur və qulaq as!
Maya sözə əməl etdi və gözlərini geniş açıb Kassandraya baxmağa başladı.
– Beləliklə, bala arının davranış qaydaları… – tərbiyəçi nəfəsini dərdi. – Yadında saxla: hər bir arı hər şeydə başqa arılara oxşamalıdır! Bütün arıların fikir və işləri isə hamının rifahına xidmət edir. Dünyada ən yaxşı dövlət quruluşu arılara məxsusdur. Biz arılar ta qədim zamanlardan indiyədək mövcuduq, çünki dostluq etməyi bacarırıq.
Sabah sən öz ilk uçuşunu edəcəksən. Təcrübəli arılardan biri səni müşayiət eləyəcək. Əvvəlcə yaxın məsafəyə uçacaq, evə qayıtmaq üçün ətrafdakı nişanları yadda saxlayacaqsan. Yoldaşın isə sənə çiçək açmış ağacları və gülləri göstərəcək. Onların şirəsindən bal alınır. Yadında yaxşı saxla! Hər şeydən əvvəl cökə ağacının rəngini yadda saxlamağın vacibdir. Hə, indi sənə izah etdiklərimi təkrar elə!