Читать онлайн «Belə gəlmiş, belə getməz»

Автор Азиз Несин

Əziz Nesin

Belə gəlmiş, belə getməz

Bioqrafiya, gündəlik və xatirələr

"Xatirə Ədəbiyyatı" silsiləsindən 20-ci kitab

© Əziz Nesin / Belə gəlmiş, belə getməz

© "XAN" nəşriyyatı / Bakı / 2022 / 216 səh

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Bioqrafiya

1995-ci il 6 iyulda vəfat etmiş Əziz Nesinin cənazəsi, öz istəyinə uyğun olaraq, dini mərasim keçirilmədən və məzardaşı qoyulmadan Nesin Vəqfinin həyətində dəfn edilmişdir.

Əziz Nesin 1915-ci il dekabrın 20-də Heybəliadada, özünün dediyi kimi, "Çanaqqala müharibəsinin ən təlaşlı dövründə" kasıb bir ailədə dünyaya gəlmiş, ona Məhmət Nüsrət adı verilmişdir.

Əziz Nesin (1917–1918) üç yaşında vəfat edəcək bacısı ilə birlikdə.

5 yaşında məhəllə məktəbinə yazdırılır, amma məktəb çox uzaqda olduğu üçün təxminən bir ildən sonra oradan çıxmağa məcbur olur. Eyni zamanda, atasının yaxını olan ziyalı və mütərəqqi adam – Qalib əmisindən xeyli şey öyrənir. Nesini 1925-ci ilə qədər ibtidai məktəbə rəsmi şəkildə yazdırmırlar.

Bir qədər sonra – 10 yaşında o, imtahan verərək məktəbə üçüncü sinifdən başlayır. Ailəsi Heybəliadaya köçdükdən sonra təhsilini "Darüşşəfəqə"də davam etdirir. Elə həmin dövrdə anası vərəmə tutulur.

1927-ci il sentyabrın 15-də Nesin 12 yaşında ikən anasını (26) itirir. Həmin vaxt Əziz Nesin (Məhməd Nüsrət) "Darüşşəfəqə"də ibtidai məktəbin beşinci sinfində oxuyurdu. ("Darüşşəfəqə"də atası olmayan uşaqlar təhsil alırdılar. Əziz Nesinin atası sağ olduğu üçün özünü günahkar hesab edərək bir qədər sonra məktəbdən qaçacaq və bir daha geri dönməyəcəkdir. )

Çox sevdiyi atası Əbdüləziz əfəndi ilə birlikdə (1954–1956). O zamanlar qadınların şəkil çəkdirməsi günah sayıldığı üçün anasının heç bir fotoşəkli yoxdur.

Ailənin dolanışığına kömək etmək üçün anası əsgərlərə alt paltarı tikirdi. Onun işlətdiyi tikiş maşını yadigar qalır və hazırda Nesin Vəqfi Muzeyində saxlanılır.

1928-ci ildə Nesin “Vəfa” orta məktəbinə getməyə başlayır, lakin dərsləri ötürdüyü üçün sinifdə qalır. Həmin ilin yayında ailəsi İstanbula köçür.

Nesin Davudpaşa orta məktəbinə qəbul olunur və uşaqlar içərisində sinif əlaçısı kimi seçilir.

Daha sonra yeddinci sinifdə (1930) o, Çəngəlköy Hərbi məktəbinə gedir. Tam orta təhsilini Qülləli Hərbi Liseyində alır (1932–1935). Bu illərdə dərslərində çox uğur qazanır.

Cağaloğlu Vəfa orta məktəbi (1928).

Davudpaşa orta məktəbi (1929).

Qülləli illəri (1930–1933). Əziz Nesin ən öndə oturub.

Ankara Hərb Məktəbi (1937).

Hərbi Liseydən sonra o, Hərb Məktəbinə gedir. Lakin burada ona dərs deyən müəllimlər üzündən əvvəllər hörmət edib ideallaşdırdığı müəllimlik peşəsindən soyuyacaqdır.

Əziz Nesin müəlliminin solunda, ön tərəfdədir. Qülləli Hərbi Liseyi (1933).

Hərb Məktəbini 1937-ci ildə bitirən Nesin zabit olur. İkiillik peşə təhsili üçün Maçka Hərbi Fənn Təlim orta məktəbinə gedir. Eyni zamanda həm İstanbul İncəsənət Akademiyasının Şərq bəzək fakültəsinin tələbəsi olur, digər tərəfdən isə çoxdan maraq duyduğu rəssamlıqla məşğul olmağa başlayır.

Əziz Nesinin 1937-ci ildə Akademiyada tələbə olduğu vaxt çəkdiyi bir model eskizi.