Читать онлайн «Gözqamaşdırıcı zülmət»

Автор Артур Кёстлер

Artur Köstler

Gözqamaşdırıcı zülmət

(roman)

Kitabın bütün personajları müəllif tərəfindən uydurulub. Onların davranışlarını müəyyənləşdirən tarixi şərait həyatdan götürülüb. N. Z. Rubaşovun taleyi “Moskva prosesləri” adlandırılmış hadisələrin qurbanı olan bir neçə insanın həyatının ümumiləşdirilməsidir. Müəllif onlardan hansılarısa şəxsən tanıyırmış. Bu kitab həmin insanlara həsr olunub.

Parij, oktyabr 1938 – aprel 1940.

Diktator, Brutu öldürən və respublikanın qurucusu deyil, heç Brutun oğullarını öldürən və müvəqqəti idarə edən də deyil.

Makiavelli, “Söhbətlər”.

Mərhəmətli hökmdar, mərhəmətli hökmdar, axı istənilən insanın onun bağışlanacağı bir yeri olmalıdır.

Dostoyevski, “Cinayət və cəza”.

Birinci sorğulama

“İstənilən hökmdar qanla ləkələnib. ”

Sen-Jüst

1

Kameranın qapısı cingiltiylə cırıldadı.

Rubaşov kürəyini qapıya dirədi, bir neçə saniyə belə dayanıb siqaret yandırdı. Sağ tərəfdəki dar yatacaqda iki ədəd yuyulmuş adyal və içinə təzə saman doldurulmuş döşək vardı. Solda yerləşən su kranından su damır, pas dəmir rakfinanı korlayırdı. Rakfinanın yanında unitaz vardı, onu təzəlikcə dezinfeksiya etmişdilər; ondan xlor iyi gəlirdi. Kərpic divarlar səsi udurdular, amma istilik sisteminin borularını tıqqıldadıb səs çıxarmaq olardı, bəlkə də olardı, çünki borular da səskeçirməz idi. Pəncərə göz hündürlüyündən başlayırdı və o, barmaqlığın yuxarı hissəsindən yapışmadan da həbsxananın həyətini görə bilirdi. Nəticəyə gəldi ki, hər şey qaydasındadır.

Rubaşov əsnəyib paltosunu soyundu, büküb yatağın baş tərəfinə qoydu. Sonra diqqətlə həyətə baxdı. Ay və fənərlərin işığı qarı mavi-sarımtıl rəngə boyayırdı. Divarların ətrafında təmizlənmiş cığır uzanırdı, deməli, burada gəzintiyə icazə verilirdi. Səhərə hələ çox vardı; fənərlərin parlaqlığına baxmayaraq, səmada ulduzlar buz kimi və aydın parlayırdı. Onun kamerasıyla üzbəüz çöl divarın dar girişində növbətçi sanki paraddakı kimi gəzişirdi: yüz addım irəli, yüz addım geri. Arada fənərlərin sarı işığı onun silahının ucunda parlayırdı.

Elə pəncərənin yanındaca ayaqqabısını soyundu. Yorğun halda yatağa çökdü, ayaqqabını siqaret kötükləri topasının üstünə qoydu və bir neçə dəqiqə beləcə tərpənmədən oturdu. Sonra durub yenə pəncərəyə yaxınlaşdı. Həbsxananın həyəti sakit və kimsəsiz görünürdü; növbətçi növbəti döngəsindən qayıdırdı, yuxarıda növbətçi qülləsi fonunda Süd Yolunun çıxıntısı gümüşü rəngə çalırdı. Nəhayət, o uzandı, ayaqlarını büküb lap üstdəki adyal ilə möhkəm örtdü. Saatı beşi göstərirdi, çətin ki, burada məhkumları yeddidən tez oyatsınlar, xüsusilə də qışda. Yuxulayarkən düşündü ki, onu üç və ya dörd gün ərzində hələ sorğulamağa çağırmayacaqlar. Pensnesini çıxarıb döşəməyə qoydu, gülümsəyərək gözlərini yumdu. Ona isti və çox rahat idi, xeyli aydan sonra ilk dəfə yuxuqabağı yaranan qorxunu hiss etmədən yata bilirdi.

Gözətçi kameraya girmədən işığı yandırıb qapının dəliyindən baxanda, keçmiş Xalq Komissarı Rubaşov kürəyi divara çevrilmiş və sol əlini başının altına qoymuş halda yatırdı. Əl bərkiyib döşəməyə uzanmışdı və yalnız ovcu könülsüz titrəşirdi.