Murad Adcı
Qıpçaq çölünün yovşanı
Yovşan ətri ilə kim məst olmayıbsa, bu ətirdən qanı coşmayıbsa, qoy o bu kitabı oxumasın.
Və kim zil qara atın üstündə şahə qalxmağın gözəlliyini duymursa, çöl nəğməsindən könlünə fərəh gəlmirsə, o da bu kitabı kənara qoysun, o da müəllifi anlamayacaq.
Keçmişi və gələcəyi ilə maraqlanmayanlar, əcdadlarına və gələcək nəsillərə laqeyd olanlar! Lütfən siz də bu kitabı əlinizə götürməyin. Bu sizin üçün deyil.
Yox, Rusiya haqqında söhbəti coğrafiyasından, xalqından, az qala qurunun (Yerin) səkkizdə birini tutan torpağından, Qərbdə və Şərqdə yerləşən bir ölkədən, çoxlu Avropa və Asiya dillərində danışan (və ya danışmayan) ölkədən başlamayacağıq. Bunlar XIX əsrdə də, ondan qabaq da məlum idi.
Görünür, xalqların çoxluğu, torpağın genişliyi, uydurmaların bolluğu Şərqi Avropada bügünkü rusiyalıların müəyyən olunmasında bəzi mənasız söhbətlərə gətirmişdir. Ruslar kimdir onlar? Rusiya haradır bura?
Gülünc vəziyyətdir: Sibirdə irqi açıqca seçilən minlərlə monqoloidlər yaşayırlar; bunların sifətində slavyanlığın heç izi də, kölgəsi də yoxdur. Ancaq özlərinə rus deyirlər, yalnız rusca danışırlar və rus adları daşıyırlar. Nə vaxt və necə bu aşkar asiyalılar slavyan oldular?
Heç Rusiyanın tarixinə təəccüblənməyinə dəyməz bu, başdan-başa tapmacadır. Belə ki, ilk siyahıya almaya görə 1917-ci ilə qədər Rusiyada 196 xalq yaşayırdı, sovet hakimiyyətindən sonra yüzə qədəri qalıb. Qalanlarını komissarlar sadəcə olaraq siyahıdan siliblər, rusların və ya başqa xalqların üstünə yazıblar; o zamanlar hakimiyyətin göstərişi ilə insanın milliyyətinə onun əmlakına baxılan kimi baxıblar.
Sovet rejimində adını itirən birinci xalq kazaklardır.
Bu qıpçaq nəsli olan əhalini kazaklıqdan çıxarıb rus yazdılar, onlar sovet dövrünün ilk “yeni rusları” oldular.Rusiyada, axı hara Rusdur (orta əsrlərdə Rusiyaya Rus deyilirdi T. H. ) və hara Rus deyil? Sərhədi kim cızmalıdır?
“Rus” nə deməkdir?
Bu barədə artıqlaması ilə söz deyilib. Mahiyyətcə çox sadə olan bu suala müxtəlif nəsillərdən şairlər, yazıçılar, filosoflar bir-birindən “gözəl” cavablar vermək üçün çox yarışıblar. Elmə əsaslanmayan, yalnız emosiyadan doğulmuş nə qədər cavab olar?
Rusiyada təsdiqini tapmış rəsmi baxış belədir: “Şərqi slavyan şüuru ilə özünü dərk etmiş qədim rusların etnik birliyi, erkən feodal çağlarda qədim rus Kiyev dövlətinin (IX-XII əsrlərin Kiyev Rusu) bütövlüyü dövründə formalaşdırılıb.
Bəs Kiyev Rusuna qədər nə olub? Bu, boş yerdə yaranmayıb ki! IX əsrdə Dnepr sahilinə gələn bu insanlar kimlər idi? Haradan gəlmişdilər? Niyə məhz IX əsrdə ora gedib çıxdılar? Kiyev dövləti o qədərmi bütöv və güclü idi ki, üç əsrdən də az müddətdə onda yeni xalq formalaşsın? Belə olduqda aydın olmur ki, indi Kiyevin yerli-köklü əhalisi niyə rus yox, ukraynalı adlanır? Axı, guya Rus (dövlət nəzərdə tutulur T. H. ) elə məhz Kiyevdir. Nəhayət, bəs niyə ukraynalıların və rusların mədəniyyətləri bir-birindən son dərəcə fərqlidir? Əgər bir kökdəndirsə, axı onlar eyni olmalıdır. Yoxsa yox?