Читать онлайн «Dəfinələr adası»

Автор Стивенсон Роберт Льюис

Robert Luis Stevenson

DƏFİNƏLƏR ADASI

Qoca dəniz canavarı

Mehmanxanamıza üzü günəşdən yanmış, yanağında qılınc çapığı olan yaşlı bir dənizçi sığınmışdı. Dənizçinin ağır addımlarla qapımıza yaxınlaşmağı indi də gözümün qabağındadır. Gözü əl arabasında gətirilən sandığında idi. Bu, ucaboylu, yekəpər, yaşlı bir kişi idi. Tünd-qara saçlarının yağlı hörüyü kirli mavi kaftanın yaxalığına düşmüşdü. Əlləri yara izləri ilə dolu, dırnaqları kirli və didik-didik idi. Bu yad adam fit çala-çala ətrafı gözdən keçirirdi. Birdən yoğun və xırıltılı səslə köhnə bir dənizçi mahnısı oxumağa başladı.

Bir ölünün sandığına on beşi getdi qurban. Ho-ho-ho, bir şüşə də rom.

Yaxınlaşıb lingəbənzər əlağacı ilə qapımızı itələyib açdı, atamı görən kimi kobud sözlərlə içki istədi. Gətirilən romu içə-içə ətrafı gözdən keçirməyə başladı.

– Gözəl bir liman, xoş bir mehmanxana. Müştəriniz çoxdurmu, dostum?

Atam cavab verdi ki, xeyr, təəssüf ki, çox deyil.

– Nə olar… bura mənə əl verir.

– Hey, dost! – əl arabasını gətirən adamı çağırdı. – Bura gəl, sandığı yuxarı çıxarmağa kömək et. Bir müddət burada qalacam… Adımı soruşursunuz? Məni eləcə "kapitan" deyə çağıra bilərsiniz… Hə, nə istədiyinizi bilirəm. Alın! – deyə piştaxtanın üstünə üç, ya dörd qızıl pul atdı.

Sonra da yüksəkrütbəli adam kimi atamı süzərək kobud bir tərzdə:

– Qurtaranda gəlib yenə istəyə bilərsiniz, – dedi.

Pal-paltarının köhnə olmasına baxmayaraq, davranışından adi bir dənizçiyə deyil, doğrudan da, kapitana, ya şturmana bənzəyirdi.

O bütün günü mis durbini ilə dənizin kənarında və ya qayaların üstündə dolaşardı. Axşamlar da böyük otaqda ocağın qırağında oturub rom içərdi. Gəzintidən qayıdan kimi hər hansı bir dənizçinin gəlib-gəlmədiyini soruşardı. Əvvəlcə elə bilirdik ki, o özünə yoldaş axtarır, sonra başa düşdük ki, dənizçilərin gözünə görünməməyə çalışır. Hər hansı bir dənizçinin yolu bu tərəflərə düşdükdə onu pərdənin arxasından izləyərdi. Onların yanında siçan kimi sakit durardı.

Mən kapitanın təşvişinin səbəbini bilirdim. O özü mənə danışmışdı. Hər ay mənə dörd pens gümüş pul verirdi ki, gözdə-qulaqda olum, bu ətrafda tayqıç dənizçi görsəm, gəlib ona xəbər verim. Mən də tayqıç dənizçini dörd gözlə axtarırdım. Gecələr yuxuma da girirdi. Yuxuda o, dəhşətli divə bənzəyirdi. Bu div bədəninin ortasına yapışmış tək ayağı ilə çəpərlərin, arxların üstündən hoppanaraq məni qovurdu.

Kapitan aşxanada oturar, çoxlu içki içər, dənizçi mahnıları oxuyardı. Arabir adamları öz stoluna dəvət edər, onlara qorxunc dəniz hekayətləri danışardı. Adamlar həm onun özündən, həm də danışdıqlarından qorxub tir-tir əsirdilər. Dar ağacından asılan adamlar, dənizdəki fırtınalar, tısbağa adaları, Şimali Amerikadakı quldur yuvaları haqqında hekayələri adamları dəhşətə gətirirdi.