Читать онлайн «Qafqazlardan Volqaya»

Автор Фритьоф Нансен

Fridtjof Nansen

Qafqazlardan Volqaya

BİRİNCİ HİSSƏ

TIFLIS

Bizim beş nəfərdən ibarət komissiya İrəvanda olmuşdu və Türkiyədən olan, hazırda dünyanın hər bir yerinə, o cümlədən Avropaya da yayılmış ermənilərin orada nə dərəcədə yerləşdirilə bilməsini araşdırmışdılar. 1925-ci il iyulun ikisində gecə qatarla İrəvandan evə qayıdırdıq. Səhərə yaxın qatar kəskin hərəkətlə dartınıb dayandığında hələ eşik qaranlıq idi. Komissiyadan olan yoldaşlarımın yatdığı qonşu kupedən səslər eşidilirdi. Onlara dedilər ki, dərhal hazır olsunlar. Onları Batumiyə götürəcək maşınlar artıq hazır gözləyirdi və qatar burada çox dayanmayacaqdı. Bütün bunlar nə demək idi və ayaqyolu harada idi? Biz Leninakanda idik, maşınlar isə həqiqətən də Batumi üçün sifariş verilmişdi. Fransız, həyat dolu Karli artıq tam oyanmışdı və o da hazır idi. İngilis Dupi isə hələ tam oyanmamışdı, o, alt paltarında dayanıb bu var-gələ ucadan etiraz edirdi. O, bütün bunlar haqqında heç nə bilmirdi və maşınla getməyə də qarşı çıxırdı. İtalyan gənc Lo Savio qəti şəkildə etiraz edib üzünü divara sarı çevirib yatmağına davam edirdi. Batumiyə getmək məcburiyyətində olmayan bizim norveçli katib Kuizlinq isə hər şeyə çox sakit yanaşırdı. Bütün sual Batumidən Konstantinapola gedən buxarlı gəmi barədə idi.

İrəvanı tərk etmədən bir neçə gün öncə bizə dedilər ki, gəmi iyulun 6-sı yola düşür və biz də səfərimizi buna uyğun qurduq. Sonra teleqram gəldi ki, yox, ayın 4-ü yola düşür, ancaq güclə yetişə bilərik ona. Amma həmin gün (iyulun 2-si) biz İrəvanı tərk etdiyimizdə gəminin ayın 3-də yola düşməsi haqqında digər bir teleqram aldıq (3 iyul). Belədə yetişmək imkanımız yox idi. Mən də gəmi şirkətinin rəhbərliyinə teleqram vurdum ki, biz planlarımızı onların daha öncəki teleqramlarına uyğun qurmuşuq.

Yəni əgər yoldaşlarım gəmiyə yetişməsəydi, günahı onların üzərinə qoyurdum. Çünki sonra bir neçə həftə gəmi olmayacaqdı. Həmin ərəfədə fəal Karli Leninakana teleqram vurub maşın xahiş etdi ki, iyulun üçü tərk edəcək gəmiyə bizi yetişdirməsi üçün maşın göndərsinlər. İki həmkarını eyni zamanda özü ilə götürəcəyinə ümid edirdi, amma istənilən tip macəranı sevmələrinə baxmayaraq, o, indi yuxulu tənbəllikləri fonunda bu fikirdən vaz keçməli oldu və qatar yoluyla davam etdi.

Səhər Tiflisə yetişdiyimizdə teleqram gəldi ki, gəmi növbəti gün yola düşür. Kapitan Kuzlinq və mən vətənə Rusiyadan gedəcəkdik və günorta üç gözəl həmkarımızdan ayrılıb Batumiyə kimi qatarla yolumuza davam etdik. Birlikdə bir neçə gözəl həftə keçirmişdik və inanırdıq ki, yaxşı işlər görmüşük. Biz – geriyə qalan ikili Tiflisdə olacağımız müddətdə “Yaxın şərq” şirkətinin yer təklifinə “hə” dedik və onların qonaqpərvər evində qaldıq.

Dünya elə də böyük deyilmiş, bu yad şəhərdə dostum, Rusiya imperiyasının dəmiryollarının keçmiş direktoru Vürzelin qızı xanım Petrova ilə qarşılaşdım. 1913-cü ildə Sibir və Amur ərazisində onunla səyahət etmişdim. O, bir neçə il işi kənd təsərrüfatı sığortaçısı olan əri ilə bərabər Tiflisdə yaşamışdı. Mən onların hüzur dolu evlərində, cavan və sevimli qızları ilə zövqlü bir axşam keçirtdim. Onlar həmin narahat zamanlardan məharətlə çıxmışdılar və başqalarının məcbur çəkməli olduqları əzab-əziyyətlərdən yayınmağı bacarmışdılar. Onlara mebellərini, dörd otaqlarını – hansı ki, demək olar, boş idi – saxlamağa icazə verdilər. Amma əslində Tiflisdə Sovetlər Birliyinin əksər böyük şəhərlərində olduğu kimi yaşama yeri ilə bağlı ciddi çatışmazlıq hiss edilirdi və əksər ailələr yalnız bir otaqla kifayətlənməli olurdu. Cənab Petrov işi ilə bağlı həm Ermənistan, həm də Gürcüstan ərazisində xeyli səfərlərdə olmuşdu və müxtəlif rayonlarda vəziyyətin necəliyini çox yaxşı bilirdi. Türklərlə həmin müharibə illərində işlər çox pis idi, xüsusilə kənd təsərrüfatında, xüsusilə əhalisi qılıncdan keçirilən, torpaqları korlanan, soyulan türk ordusu tərəfindən məhsulu məhv edilən Ermənistanda!